Allah rizası üçün sevmək

Dünya həyatındakı yeganə məqsədləri Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha ürəkdən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayırlar. Quranın «De: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!» (Ənam surəsi, 162) ayəsi ilə bildirilidiyi kimi, gördükləri hər işdə, göstərdikləri hər davranışda Allahın rizasını qazanmağı məqsəd güdürlər. Allahın rizasını və razılığını qazanmaq üçün sahib olduqları hər şeyi sərf edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür. Allah «Bəqərə» surəsində möminlərin Ona olan güclü sevgiləri ilə müşriklərin yanlış sevgi anlayışları arasındakı fərqi belə bildirir:

«İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir...» . («Bəqərə» surəsi, 165)

Ayədə bildirildiyi kimi, insanlardan bir qismi Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər. (Allah bunlardan uzaqdır). Möminlər isə heç bir insanın, maddənin və ya canlının həqiqətdə özünə məxsus gücü və ya gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, malik olduqları bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini planlaşdırıb meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sevimli olmasını müəyyən ömürlə yaradan və əcəlləri gələndə hamısını yox edən Allahdır. Hər gözəllik yalnız Allahın hakimiyyətindədir. Buna görə də mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bildiyi üçün sevər. Dolayısı ilə, əsl sevgisi bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlməlidir.

Peyğəmbərimiz (s.ə.v.) möminlərə bir-birlərinə qarşı bəslədikləri sevginin Allah rizası üçün olmasının vacibliyini xatırlatmışdır:

Hz. Əbu Zərr (r.ə.) bildirir: «Rəsulullah (s.ə.v.) buyurdu ki: «Əməllərin ən fəzilətlisi Allah rizası üçün sevmək, Allah rizası üçün kin bəsləməkdir».

«İman bağlarının ən sağlamı Allah rizası üçün dostluq, Allah rizası üçün düşmənçilik, Allah rizası üçün sevgi, Allah rizası üçün nifrətdir».

Allaha şərik qoşan şəxs bir insanın gözəlliyini tərifləyərkən bu gözəlliyin o adama məxsus olduğunu sanır. Bu, rəsm sərgisini gəzən və bəyəndiyi bir tablonun gözəlliyinin o tabloya aid olduğunu sanaraq, o tablonu tərifləyən insanın vəziyyətinə bənzəyir. Lakin əslində, tərif tablonu çəkən rəssam üçün olmalıdır. Buna görə də insan bir gözəlliklə qarşılaşarkən, xoşuna gələn bir səs eşidərkən, bir yeməkdən zövq alarkən o an bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, razılığını və şükrünü Ona yönəltməlidir. Allaha şərik qoşmadan iman gətirənlər sahib olduqları hər şeyə görə Allaha borclu olduqlarını bildikləri üçün Allaha çox güclü sevgi ilə bağlanırlar.

Quranda hz. İbrahimin müşrik olan qövmünə belə dediyi bildirilir:

«İbrahim onlara dedi: «Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!» . («Ənkəbut» surəsi, 25)

Ayədə bildirildiyi kimi, Allaha şərik qoşanların dünya həyatında bir-birinə qarşı olan bağlılıqları axirətdə böyük nifrətə çevriləcəkdir. Bunun səbəbi Allahı unudaraq bir-birini həyatlarının ən böyük məqsədi hesab etmələridir. Allah bunun əvəzində bu insanların şirk içindəki sevgi və bağlılıqlarını axirətdə sonsuza qədər davam edən kin və nifrətə çevirir.

Quranda dünya həyatına aid olan amilləri və ya insanların sevgisini qazanmağı Allahın razılığından daha vacib hesab edən insanlara belə xəbərdarlıq edilir:

«De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!». («Tövbə» surəsi, 24)
İman gətirənlər dünya həyatının bütün bu bəzəklərinin Allaha aid olduğunu bilir və bunları ancaq Allahın təzahürləri olaraq sevirlər. Məsələn, möminlərdə Allahın bəyəndiyi gözəl əxlaq təzahür etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı hiss edirlər. Bu sevgi soy, irq kimi yaxınlıqlara və ya hər hansı bir mənfəətə əsaslanmır. Pulun, mövqenin, mədəniyyətin və ya maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasındakı bu sevgini Quranda belə bildirir:

«Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!» . («Həşr» surəsi, 9)

Ayədə bildirildiyi kimi, möminlər iman gətirən hər kəsi öz qardaşları kimi qəbul edirlər. Başqa möminin yaxşılığını, rahatlığını təmin etmək üçün heç bir fədakarlıqdan çəkinmirlər. Möminlərin bu sevgi anlayışı ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilər.

Peyğəmbərimiz (s.ə.v.) sevginin əhəmiyyətini və həqiqi sevgini yaşayan möminlərin üstünlüklərini bir hədisində belə bildirmişdir:

Hz. Ömər (r.ə.) bildirir: «Rəsulullah (s.ə.v.) buyurdu ki: «Allahın qulları arasında bir qrup vardır ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Üstəlik qiyamət günü Allah yanındakı dərəcələrin ucalığına görə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edərlər».
Orada olanlar soruşdular:
«Ey Allahın Rəsulu! Onlar kimdir, bizə xəbər ver!» «Onlar aralarında nə qan bağlılığı, nə də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda, Allahın ruhu (Quran) adına bir-birlərini sevənlərdir. Allaha and olsun ki, onların üzləri mütləq nurdur. Onlar bir nur üzərindədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar inciyərkən, onlar inciməzlər».

Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır. Allah hz. Yəhyaya Öz qatından sevgi həssaslığını verdiyini belə bildirir:

«(Yəhya dünyaya gəldikdən sonra ona dedik:) «Ey Yəhya! Kitabdan bərk yapış! Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi» . («Məryəm» surəsi, 12-13)

Başqa ayədə isə Allah iman edib saleh əməllər edənlərə Öz qatından bir sevgi bəxş edəcəyini xəbər vermişdir:

«Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq» .(«Məryəm» surəsi, 96)

Allahın rizasına görə sevən bir insan ən gözəl əxlaqlı, Allaha daha bağlı, ən çox təqvalı olan kimsəni hər kəsdən çox sevir. Bu səbəblə, Peyğəmbərimiz (s.ə.v.) bütün möminlər üçün ən sevimli, ən yaxın dostdur.