Giriş
Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Hər insan həyatı boyu çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi insanlarla birlikdə olmaq istəyir. Allahın verdiyi nemətlərin əksəriyyəti əsl dəyərini həqiqi sevgilərin və dostluqların yaşandığı mühitlərdə tapır. Məsələn, gözəl mənzərələrdən zövq alan bir insan hiss etdiyi həyəcanı sevdiyi insanla bölüşmək istəyir. Eynilə ən möhtəşəm ziyafət süfrəsi və ya ən gözəl, ən dəbdəbəli ev belə tənha olan insana çox da cəlbedici görünməyə bilər. Çünki Allah insan fitrətini sevib-sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluq və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətlərdən daha artıq zövq verir.
Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət həqiqi sevginin, dostluğun və yaxınlığın son ana qədər böyük coşqu ilə yaşanacağı qeyri-adi gözəlliklərə malik olan yerdir. Allahın Quranda cənnət həyatına aid verdiyi xəbərlərdə həmişə sevinc, dostluq, sevgi, məhəbbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq edilmişdir. Məsələn, Allah bir ayəsində cənnətə gedəcək möminlərin qəlbində kin-küdurətdən nə varsa, hamısının çıxarılacağını bildirmişdir. («Əraf» surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, qəzəb, paxıllıq, laqeydlik kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətdən kənarda qalacaqdır.
Cənnətdə yaşayacaq müsəlmanların mühüm xüsusiyyətlərindən biri onların dünya həyatında ikən bütün peyğəmbərləri, Allaha iman gətirən, səy göstərən hər bir saleh insanı və keçmişdə yaşamış bütün müsəlmanları çox sevmələridir. İman edənlər Allahın rizasını qazanmaq üçün çalışan bütün saleh möminlərlə yaxınlıq edir, onları özlərinə yaxın dost və hami hesab edirlər. Hər hansı bir işdə qeyd-şərtsiz onlarla birlikdə olmaqdan böyük zövq alırlar, bütün müsəlmanlara sədaqətlə bağlıdırlar. Allah möminlərin qəlblərindəki imandan, Allah qorxusundan qaynaqlanan bu gözəl sevginin və Rəbbimizə ürəkdən bağlılıqlarının əvəzində onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracaqdır.
Möminlərin qəlblərindəki sevginin əsl qaynağı isə Allaha olan dərin sevgiləridir. Möminlər Allahı çox sevirlər və həyatlarının hər anında Allahın sevgisini və rizasını qazanmaq üçün ciddi cəhd göstərirlər.
Allah bütün insanları yoxdan var etmişdir. İnsan yox ikən Allahın rəhmi sayəsində can sahibi olmuşdur. Qullarına bu dünyada sığınacaq verən, müxtəlif yeməklər, meyvələr bəxş edən, növbənöv çiçəklərlə, sevimli heyvanlarla bizə zövq verəcək mənzərələr yaradan, günəşdən suya, havadan vitaminlərə qədər ehtiyacımız olan hər şeyi qüsursuz var edən, kosmosun boşluqlarında minlərlə kilometr sürətlə yol gedən planetimizin təhlükəsizliyini anbaan qoruyan, Rəhman, Rəhim və sonsuz mərhəmət sahibi olan Rəbbimizdir. Allahın nemətlərini, Onun hər şeyə güc verdiyini və bütün kainatın tək hakimi olduğunu, hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını düşünən hər möminin Allaha olan sevgisi daha da güclənir. Allahı sevən və Allahdan qorxan insan Onun qoyduğu hədləri böyük həvəs və istəklə qoruyur, Allahın hər əmrini qüsursuz yerinə yetirmək üçün böyük məsuliyyətlə ciddi cəhd edərək Allahın razılığını, sevgisini, rəhmətini və cənnətini qazanmaq üçün bütün həyatı boyu var gücü ilə çalışır.
Allahı çox sevən, Allahdan qorxan, Allahın ondan razı qalması üçün səmimi cəhd göstərən hər mömin dünyaya gözəllik qazandıran xeyirli insanlardandır. Allahı sevən insan Allahın yaatdıqlarını da sevər, onlara qarşı şəfqət və mərhəmət hissi duyar, onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyər. Dünyanın ən xeyirli, ən gözəl əxlaqlı insanlarından olan Allahın elçiləri də ətraflarındakı insanları sevgiyə və yaxınlığa dəvət etmişlər:
«Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: «Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının artırarıq!» Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!» («Şura» surəsi, 23).
İnsanların bir qismi Quran əxlaqını bilmədikləri, Allahı lazımınca tanıyıb ona şükür etmədikləri üçün sevgidən və dostluqdan məhrum qalıb cansıxıcı, əzab dolu həyat yaşayırlar. Bu insanlar arasında ən dəbdəbəli görünən həyatı yaşayanlar belə, əslində, həqiqi xoşbəxtliyi və rahatlığı tapa bilmirlər. İmanı yaşamayan bu insanlar üçün sevgisiz, dostsuz və tənha yaşanan həyatın heç bir anı mənalı və gözəl deyildir. Allah iman gətirməyənlərə sevgisizliyi dünyada və axirətdə nankorluqlarının və iman gətirməmələrinin əvəzi olaraq verir. Bu insanlar həqiqi mənada nə sevirlər, nə də sevilirlər. Allaha şərik qoşaraq yaşadıqları sevgi isə həqiqi sevgi deyildir və onlara daima ümidsizlik, bədbəxtlik və kədər gətirir.
Allahın Quranda bildirdiyi kimi, tənhalıq və dostsuzluq cəhənnəmə xas olan xüsusiyyətdir:
«Çünki o, böyük olan Allaha inanmırdı. O, yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax, burda onun yaxın bir dostu yoxdur» («Haqqa» surəsi, 33-35).